«Sirli Qadın» qadın portalı - Qadınlara aid bütün sirlər! Gözəllik, sağlamlıq, idman, dieta, düzgün qidalanma, analıq və s.
  və ya   Qeydiyyat
loading...

"Dünya Yaxşılıq Günü"

Keçən gün internetdə noyabr ayındakı xüsusi günləri araşdırarkən qarşıma maraqlı bir gün çıxdı: "Dünya Yaxşılıq Günü". Sən demə, 365 günün az qala hər gününə bir, hələ bir az da irəli getsək, bir neçə özəl gün sıxışdırılmış təqvimimizdə "Yaxşılıq Günü"müz də varmış. Özü də bu gün - yəni noyabrın 13-ü.


Bu günlə tanış olandan sonra ətrafıma daha diqqətlə baxmağa başladım. Düşündüm, nə yaxşı internet var, nə yaxşı ki, bizə ingiliscə "World Kindness day", ana dilimizdə "Dünya Yaxşılıq Günü", ya da hər nəysə, onu xatırladıb. Yoxsa, çox gözəl duyğular, hərəkətlər kimi zamanla onu da tarixin qaranlıq quyusuna basdıracağıq.
Təbrik edirəm, əziz oxucu, bu gün "Dünya Yaxşılıq Günü"dür...
Bu günü təqvimdə görərkən bir anlıq əl saxladım və düşündüm. Yaxşılıq nədir, yaxşılığın günümü olarmış?


Ümumiyyətlə, əgər bir gözəl hadisənin, nəsnənin, ya da hər nəyinsə, təqvimdə qırmızıya boyanmış, hər kəsə qəbul etdirilən, hər il "topdan satış" kimi adamlara "sırınan" günü varsa, burada düşünmək şərtdir. Sevginin günü, yaxşılığın günü, gülüşün günü, qucaqlaşmağın günü... Nə də boluq bu günlərdən. Bu günləri yaradanlar nə düşünür? Təkcə həmin günə özəl sevmək, yaxşılıq etmək, gülmək, qucaqlaşmaq lazımdır, yoxsa bu gözəl duyğular o qədərmi unudulub ki, ildə bir dəfə insanların qulaqlarına pıçıldamaq, yadlarına salmaq lazım gəlir?
Yaxşı bəs, nə işə yarayır bu günlər?

Götürək elə yaxşılığın gününü. Nə, hansı hadisə, hansı ehtiyac bu günün yaranmasını şərt edib?
Hələ bir də bu gün ətrafında mübahisə gedir. Bəziləri 6 yanvar, bəziləri isə 13 noyabr tarixini tirajlayır.


Nədir bu günlərin özəlliyi? Düzünü deyim ki, geniş araşdırma etmədim, etməyə ehtiyac duymadım. Nəyə lazımdır axı? Görəcəyim mənzərəni, alacağım məlumatları indidən təxmin edirəm. Elə sizin kimi... Mütləq ki, dünyaya meydan oxuyan, bütün pisliklərin, müharibələrin, ahın, nalənin, fəryadın başında dayananların işidir bu yaxşılıq günü də... Ancaq onlar yaxşılığı xatırlamağa, xatırlatmağa, tirajlamağa ehtiyac duyarlar. İnsanın özündə nə yoxsa ondan bəhs etməyi sevərmiş...


Öyrəndiyim kiçik informasiya budur ki, bu hərəkat 1996-cı ildə yaradılıb. Hərəkatın üzvləri sırasında ABŞ, Yaponiya, Avstraliya, Kanada, Çin, Braziliya, Fransa, İtaliya, Nigeriya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr var. "Mən demişdim" sözünü heç sevməsəm də, bu yerdə "mən yazmışdım axı..."dan özümü saxlaya bilmirəm. Hərəkatın devizi də belə imiş: "Kiçik bir yaxşılıq dünyanı daha yaxşı bir hala gətirir".
Yaxşılıq olaraq da, bunları məsləhət görürlər:


* Bir yad insana gülümsəyin, ona salam verin;
* Bir uşağa kitab oxuyun;
* Yardım dərnəklərinə zaman, pul və ərzaq bağışlayın;
* Evsizlərə kömək edin;
* Ehtiyacınız olmayanda işıqları söndürün;
* Kitabxanalara kitab bağışlayın.


Əslində, devizdə haqlıdırlar, əgər özləri də bunu başa düşürlərsə. Amma bu məsləhətlər... Bunlar haqqında fikir yürütmürəm, hərə öz istədiyi kimi rəy versin.
Bunlar əsas məsələ deyil. Əsas məsələ odur ki, yaxşılıq varmı, yoxmu? Əgər varsa, necə var?
Hərənin yaxşılıq anlayışı fərqlidir. Hətta bəziləri yaxşılığı gözündə o qədər böyüdər, o qədər ilahiləşdirər ki, yaxşılıq etməkdən qorxarlar, ya da "imkan"larının buna yetməyəcəyini düşünərlər.


Bəziləri insanlardan əlini o qədər üzüb ki, yaxşılıq deyəndə ağlına gələn tək şey heyvanlar olar. Onlar üçün qapının ağzına bir dilim çörək, bir qab su qoymaq, hansısa küçə heyvanına sahib çıxmaq, bir quşu qəfəsindən xilas etmək ən böyük yaxşılıqdır. Təbii, biz bunu xor görmürük. Amma necə yaxşı olardı heyvanlara bu qədər sevgiylə, mərhəmətlə yaxınlaşanların insanlardan bu qədər uzaq düşməməsi.


Əslində isə yaxşılıq qorxacaq, gözündə böyüdəcək bir şey deyil. Təmənnasız etdiyin hər gözəl hərəkət yaxşılıqdır. Qəlbində daşıdığın sevgidən, bir kimsəsizə kimsə olmağa qədər...
Atalar demişkən, yaxşılıq elə, at dəryaya, balıq bilməsə də, xaliq bilər!

 
 

Şahanə MÜŞFİQ

 


loading...




Reytinq: 0
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.



Şərh yazın
Adınız: *
Email ünvanınız: *
Qalın Maili mətn Altından xətt çəkilmiş mətn Üstündən xətt çəkilmiş mətn | Sol tərəf üzrə nizamlama Mərkəz üzrə Sağ tərəf üzrə nizamlama | Smayl əlavə et Linkin əlavə olunmasıQorunmuş linkin əlavə olunması Rəng seçimi | Gizli mətn Sitatın əlavə olunması Seçilmiş mətnin translitdən kiril qrafikasına çevir Spoyler əlavə et
Şəkildəki sözləri daxil edin: