Qəhvəli-qozlu tort
Qəlibin ölçüsü 20 sm.
Stəkan ölçüsü 200 ml.

Biskvit:
5 ədəd iri yumurta
175 qram şəkər tozu
150 qram un
Bir ədəd qabartma tozu
100 qram çəkilmiş qoz
5 xörək qaşığı isti su
Bir çimdik duz

loading...
Hazırlanması:
Yumurtanı ağı və sarısına ayırın. Ağı bir çimdik duzla ağappaq köpük kimi olana qədər çalın. Sarılar, şəkər tozu və isti suyu həcmli kütlə alınana qədər çalın. Sonra ağ və sarını ehtiyatla qarışdırın. Un və qabartma tozunu birlikdə ələkdən keçirin. Yumurtaya əlavə edib qarışdırın. Ən sonda qozu da əlavə edib yaxşıca qarışdırın. Qəlibə boşaldın. 180°C-də isti sobada 50-55 dəqiqə bişirin. Bişən biskviti tamamilə soyudun. Soyuduqdan sonra 3 hissəyə bölün.
Bişmiş krem:
3 ədəd yumurta sarısı
150 qram şəkər tozu
150 qram süd
250 qram kərə yağı
40 qram çəkilmiş qoz
1 paket hazır tünd qəhvə
Yumurta sarısı, şəkər tozu və südü birlikdə qarışdıraraq vam odda bişirin. Bişməsinə az qalmış qəhvə əlavə edib, qarışdırın. Bişmiş kremi tam soyudun. Yumşaq kərə yağını çalın və soyumuş bişmiş kremi qaşıq-qaşıq buraya əlavə edin. Çalmağa davam edin. Ən sonda qozu əlavə edin. Vəssalam. Krem hazırdır. Soyuducuda dincəldin.
Sirop:
1 ədəd hazır qəhvə
1 stəkan isti süd/su
Süd və qəhvəni qarışdıraraq həll edin və tam soyudun.
Hər şey hazır olduqdan sonra tortu yığa bilərik. Korjlardan birini qəlibə yerləşdirin, siropla isladın və krem çəkin. Sonrakı korjları da bu şəkildə siroplayıb, kremləyin. Ən sonda tortun üzərinə nazik qatla krem çəkib, çəkilmiş qozla bəzəyin.
Mənim kremdən qalan 3 ədəd, çəkisi 115 qram olan yumurta ağım qalmışdı. Yumurta ağının çəkisinin 2 qatı qədər, yəni 230 qram şəkər tozunu əlavə etdim və benmari üsulu ilə şəkər əriyənədək qarışdırdım. Şəkər əridikdə yüksək sürətlə çalıb, beze halına gətirdim və 90°C-də 1 saat qurutdum. Tortun üzərinə bəzək kimi qoydum.
Sınayanlara nuş olsun!
Müəllif: Aygun Mammadsalahova Rasuli
Sirliqadın.az
- Müəllif: Mavi Dəniz
Hörmətli ziyarətçi, siz sayta qonaq kimi daxil olubsunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya sayta daxil olun.